Türkiyənin tanınmış aktyorları Bergüzar Korel və Kenan İmirzalıoğlu uzun fasilədən sonra eyni ekran layihəsində yenidən bir araya gəlirlər.

Bergüzar Korel A.B.İ serialının ikinci mövsümünün heyətinə daxil olub və beləliklə Kenan İmirzalıoğlunun canlandırdığı Doğan obrazının yeni tərəf müqabili rolunu oynayacaq.

Məlumatlara görə, Korel serialın əvvəlki mövsüm finalında yalnız ayaqları görünən və tamaşaçılarda maraq oyadan sirli qadın obrazını canlandıracaq. Onun qəhrəmanının Doğanın keçmişi ilə bağlı olduğu və növbəti mövsümdə hadisələrin inkişafında əhəmiyyətli rol oynayacağı bildirilib.

Əlavə olaraq, A.B.İ-nin ikinci mövsümündə Doğanın intiqam axtarışı və daha çox aksiyon səhnələrinin ön planda olacağı gözlənilir. Yeni mövsümün çəkilişlərinin 22 avqustda başlanacağı planlaşdırılır.

Qeyd olunur ki, Bergüzar Korel və Kenan İmirzalıoğlu daha əvvəl 2011–2015-ci illərdə yayımlanan və geniş izləyici kütləsi qazanan Karadayı serialında birlikdə çəkiliblər. Afra Saraçoğlunun layihədən ayrılmasından sonra Kenan İmirzalıoğlunun yeni tərəf müqabilinin kim olacağı maraq mövzusu idi və bu boşluq Korelin qatılması ilə dolmuş oldu.