Rusiyanın nəqliyyat nazirinin keçmiş müşaviri Aleksey Aleksandroviç Çadayev vəzifəsindən istefa edib.

O, qərarını teleqram kanalında açıqlayıb və “Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim” sözlərini paylaşıb.

Xatırladaq ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışları səsləndirməkdə ittiham olunan üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib. Axtarışa verilən şəxslər arasında televiziya aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev; özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov; həmçinin televiziya jurnalisti və müxbir kimi fəaliyyət göstərən Aleksey Aleksandroviç Çadayev yer alıb.

Baş Prokurorluğun açıqlamasına görə, həmin şəxslər barədə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış, ərazi bütövlüyünün pozulması, etnik nifrət və düşmənçiliyin qızışdırılması və terrorizmin təbliği ilə bağlı cinayət işi üzrə ilkin istintaq aparılır.

Eyni gündə Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu çağıraraq, həmin ölkə mediasında Azərbaycan xalqına və rəhbərliyinə qarşı səsləndirilən təxribatçı açıqlamalara sərt etirazını bildirib.