Problemli kreditlərin artması ilə əlaqədar bank olmayan kredit təşkilatlarının (BOKT) kollektor şirkətlərilə münasibətləri geniş müzakirə olunur. Məsələnin əsas tərəfi BOKT-lərin kredit tələblərini kollektorlara satması və ya borcalanlara dair məlumatları onlara ötürməsidir.

Hüquqşünas Misirə Xəlilzadə vurğulayır ki, kredit tələbinin üçüncü şəxsə güzəşt edilməsi (cessiya) ilə BOKT-nin kollektor şirkətinə yalnız yığım xidmətləri üçün səlahiyyət verməsi hüquqi baxımdan iki ayrı münasibətdir və nəticələri fərqlidir.

Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən, kreditor borclunun razılığı olmadan öz tələbini üçüncü şəxsə güzəşt edə bilər. Bu halda tələbin güzəşti tələbin sahibinin dəyişməsinə gətirib çıxarır və yeni kreditor köhnə kreditora görə həmin tələb üzrə hüquqların yerinə keçir.

194.2-ci maddə isə güzəştin müqavilə əsasında həyata keçirildiyini və üçüncü şəxsin tələbin yeni sahibi olduğunu açıq şəkildə göstərir. Beləliklə, əgər konkret tələbin güzəşti baş veribsə, kollektor artıq həmin tələbin kreditoru hesab olunur və borcalan qarşısında yeni kreditor kimi çıxış edir.

Digər yandan, BOKT ilə kollektor arasında xidmət, agentlik və ya tapşırıq xarakterli müqavilə bağlanması halı mövcuddur. Bu münasibətdə kollektor yalnız BOKT adından ödənişlərin tələb edilməsi və yığılması üzrə müəyyən edilən səlahiyyətlərlə hərəkət edir, lakin tələb hüququ özünə keçmir.

Belə müqavilə münasibətində kollektorun borcalanla əlaqəsi onun avtomatik olaraq kreditor olması demək deyil. Tələb hüququnun ötürülməsi üçün güzəşt barədə ayrıca müqavilə və bununla bağlı sənədlər tələb olunur.

Bundan əlavə, BOKT-lərin kollektor şirkətinə borcalana aid məlumatları verməsi ayrıca hüquqi tənzim tələb edir. Bu cür müqavilələrdə məlumatların istifadəsi, məxfiliyin qorunması, emal məqsədləri və çıxış hüquqları kimi məsələlər dəqiqləşdirilməlidir ki, kollektor yalnız ona verilmiş imkanlar çərçivəsində məlumatlardan istifadə etsin.

Nəticə etibarilə, tələbin güzəşti ilə BOKT adından yığım aparılması arasında hüquqi mahiyyət fərqlidir: birinci halda kreditor dəyişir, ikinci halda isə tələb hüququ BOKT-də qalır və kollektor yalnız müqavilə əsasında fəaliyyət göstərir. Buna görə kollektor şirkətinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün güzəşt barədə müqavilənin olub-olmaması və onun predmetinin konkret tələblərə aidliyi araşdırılmalıdır.