Böyük Britaniyada nəşr olunan mətbu orqanda avqustun 17-də Azərbaycan şəhərsalma və memarlığında multikultural kimliyin izlərinə həsr edilmiş elmi-tədqiqat məqaləsi dərc edilib.

Məqalədə Azərbaycanın şəhərsalma və memarlıq tarixinin əsrlər ərzində formalaşmasından, tarixi memarlıq abidələrinin milli-mədəni irsinin mühüm simvollarına çevrilməsindən bəhs olunur. Eyni zamanda Azərbaycan orta əsr memarlıq məktəbinin inkişafında Əcəmi Naxçıvaninin yaradıcılığının rolu vurğulanır.

Nəşrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin şəhərsalma və memarlıq sahəsində mühüm inkişaf mərhələlərinin baş verdiyi diqqətə çatdırılır. Həmçinin tarixi-memarlıq irsinin mühafizəsi, abidələrin bərpası və şəhərlərin mövcud simasının qorunması istiqamətində aparılan işlər barədə geniş məlumat verilir.

Məqalədə Azərbaycan Respublikasında şəhərsalma və memarlıq sahəsinə dövlət səviyyəsində göstərilən diqqətə nümunə kimi 2026-cı ilin Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi göstərilir və bunun bu sahənin strateji prioritet kimi müəyyənləşdirilməsini təsdiqlədiyi qeyd olunur.

Həmçinin mayın 17-dən 22-dək Bakıda keçirilən BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkənin dayanıqlı şəhər inkişafı, innovativ şəhərsalma və müasir yaşayış mühitinin formalaşdırılması sahəsində əldə etdiyi təcrübəni beynəlxalq aləmdə təqdim etməsi baxımından xüsusi əhəmiyyəti vurğulanır.