Bakının Böyükşor gölündə suyun yaşıl rəngə çevrilməsi ilə bağlı ərazidən götürülən nümunələr laborator analizə göndərilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan tədqiqatlarda nümunənin kəskin iyə malik, yaşıl rəngdə, qalın konsistensiyalı və çətin çökən maddə şəklində olduğu müəyyən edilib.
Mikroskopik təhlillər nəticəsində nümunədə həddindən artıq miqdarda göy-yaşıl yosunların (Cyanobacteria) mövcudluğu aşkar olunub. Bu tip yosun qrupları suyun rəngini əsasən yaşıl, bəzən isə qəhvəyi-yaşıl çalarına çevirə bilər.
Tədqiqatın nəticələrinə əsasən, mövsümi istiliyin artması ilə yanaşı, suda biogen elementlərin—ümumi azot və fosforun—miqdarının yüksəlməsi biokimyəvi prosesləri sürətləndirib və nəticədə toksiki sianobakteriyaların populyasiya sıxlığının qəfil artması üçün əlverişli şərait yaranıb.