Slovakiyanın Bratislava şəhərində təşkil olunan U-20 dünya çempionatında Azərbaycan güləşçiləri uğurlu çıxış ediblər.

Yunan-Roma güləşində 60 kq çəki dərəcəsində çıxış edən Ayxan Cavadov 1/8 finalda fransalı Maqomed Varayev üzərində 9:0 hesablı qələbə qazanıb. 1/4 finalda braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edən idmançı yarımfinal mərhələsində İran təmsilçisi Əmirəli Heydəri ilə üz-üzə gələcək.

82 kq çəki kateqoriyasında yarışan Elmin Əliyev gürcüstanlı Luka Pipiyaya və yaponiyalı Rondo Kodamaya qarşı görüşlərdə hər iki rəqibə 8:0 hesabı ilə qalib gəlib. 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) üstələyən Əliyev yarımfinalda belaruslu Kiril Valevski ilə qarşılaşacaq.

Qadınlar mübarizəsində isə 72 kq çəkidə Zəhra Kərimzadə Türkiyə rəqibi İlayda Çin üzərində tuşla qələbə qazanaraq yarımfinala adlayıb. O, finala vəsiqə uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.

53 kq-da çıxış edən Esra Məmmədli təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub və yarışdan kənarlaşıb.