Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.
İddia CNN-də 2026-cı il iyunun 5-də dərc edilmiş materialla bağlıdır. Həmin məqalədə Azərbaycanın ərazisinin İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarında istifadə edildiyi barədə ittihamlar yer alıb.
Məqalədə iddia olunur ki, İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərməsi, oradan kəşfiyyat və pilotsuz uçuş aparatlarının əməliyyatlarının həyata keçirilməsi, eləcə də dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarının öncədən yerləşdirilməsi kimi hallara rast gəlinib və bu səylərin İranla bağlı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıdığı bildirilir.
Publikasiyadan əvvəl Azərbaycan tərəfi məqalənin məzmunundan məlumatlandırılıb və bu iddiaları rəsmi surətdə təkzib edib. Həmin cavabda Azərbaycan ərazisinin üçüncü dövlətlər tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyi vurğulanıb.
Buna baxmayaraq, məqalədə təqdim olunan Azərbaycan mövqeyi qənaətbəxş səviyyədə yer almayıb, əsas iddialar isə anonim mənbələrə istinadən əks olunub. Ölkənin xarici qüvvələr tərəfindən ərazisinin qonşu və üçüncü dövlətlərə qarşı istifadə edilməsinə imkan vermədiyi barədə verdiyi bəyanatlar mövcud olsa da, yayımlanan materialın saxta iddialarla zəngin olduğu bildirilir.
Material dərc edildikdən sonra Azərbaycan rəsmi şəkildə CNN-dən həmin iddiaların təkzib edilməsini və məqaləyə düzəliş daxil edilməsini tələb edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi məsələ ilə bağlı açıqlama verib.
İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək məqalədəki iddiaların düzəldilməsini tələb edib. CNN ilkin mərhələdə tələbləri araşdırmağa söz versə də, iddia üzrə heç bir düzəliş və ya təşəbbüs həyata keçirilməyib.
Nəticədə Azərbaycan Delaver ştatı üzrə federal məhkəmədə CNN-ə qarşı iddia qaldırıb. İddia tələbi 17 avqust 2026-cı il tarixində məhkəməyə təqdim edilib.
Qeyd olunur ki, məqalənin müəlliflərindən biri olan Tim Listerin əvvəlki yazılarında da Azərbaycan barədə birtərəfli yanaşma müşahidə edildiyi iddia olunur; o, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə aparılan antiterror tədbirləri ilə bağlı dərc etdiyi materiallarda da ölkəyə qarşı qərəzli mövqelər təqdim etdiyi qeyd edilir.