“Tanrının yaraqları 4: Ultimatum” filminin Azərbaycanda çəkilən hissələrinin lentə alınması uğurla yekunlaşıb. Bu layihə ölkədə həyata keçirilən indiyədək ən genişmiqyaslı xarici film istehsalı hesab olunur.

Azərbaycan Respublikasının Kino Agentliyi bildirir ki, xarici film istehsalçılarının ölkəyə cəlb edilməsi Prezidentin kino sahəsində müəyyən etdiyi prioritetlərdən biridir. Dövlət başçısının 29 may 2025-ci il tarixli sərəncamında xarici istehsalçıların ölkəyə təşviqi, o cümlədən xərclərin bir hissəsinin qaytarılması mexanizmi kimi “keş-rebeyt” vasitələrinin tətbiqi nəzərdə tutulub.

Sərəncama uyğun tədbirlərin icrası üçün keçən il ərzində geniş hazırlıq işləri aparılıb. Mədəniyyət Nazirliyi tərəfindən yaradılan Azərbaycan Film Komissiyası ölkənin təklif etdiyi imkanları beynəlxalq istehsalçılara tanıtmağa çalışıb və bunun ilkin nəticələri artıq görünür.

Çəkilişlərin problemsiz təşkilində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri daxil olmaqla ümumilikdə 26 rəsmi qurumun çəkiliş heyətinə dəstək verməsi vacib rol oynayıb.

Layihənin uğurla başa çatması digər beynəlxalq film istehsalı layihələri üçün ölkəmizin cəlbediciliyini artıracaq və qlobal kino sənayesinin diqqətini Azərbaycana yönəldəcək.

Böyük layihələrin ölkədə icrası yerli kino sahəsinin inkişafına müsbət təsir edir: “Tanrının yaraqları 4”ün istehsalına 200-dən artıq yerli mütəxəssis və onlarla yerli şirkət cəlb olunub. Bu təcrübə mütəxəssislərin peşəkarlıq səviyyəsinin artmasına və beynəlxalq əməkdaşlıqların möhkəmlənməsinə xidmət edir.

Bundan əlavə, belə blokbasterlərin ölkədə çəkilməsi Azərbaycanın beynəlxalq tanıdılmasına və turizm imkanlarının genişlənməsinə kömək edəcək. Filmin nümayişə çıxmasından sonra Ceki Çanın geniş fan kütləsi ölkəmizə maraq göstərə bilər.

Çəkilişlər tamamlandıqdan sonra aktyor Ceki Çan prosesə dəstək verən dövlət və özəl təşkilatların nümayəndələri ilə görüşüb, göstərilən dəstəyə görə təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.