Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyinin sədri Çingiz Qənizadə Dağ Yəhudiləri İcmasının binasında təşkil edilmiş tədbirdə iştirak etdiyini təsdiqləyib və həmin aksiyanın “David Seliverstov” adı ilə tanınan şəxsin təşəbbüsü olmadığını bildirib.

Qənizadə tədbirin yüksək səviyyədə keçdiyini və Azərbaycan ictimai-siyasi dairələrindən bir sıra şəxslərin orada olduğunu qeyd edib. O, tədbirin keçirilməsinin, planlaşdırılmasının özündən əvvəl baş verdiyini söyləyib və həmin gün aparıcı rolu üzərinə götürməsinin kitabın müəllifi və digər əlaqədar şəxslərin xahişi ilə bağlı olduğunu vurğulayıb.

Təhsil eksperti Etibar Əliyevin “David Seliverstov”un həmin tədbirlə bağlı olduğu barədə fikirinə münasibət bildirərkən Qənizadə bu şəxsin tədbirlə əlaqəsinin olmadığını deyib. O bildirib ki, “David Seliverstov”un həmin tədbirdə ola biləcəyi ehtimalı var, çünki deputat Anatoli Rafaelovla birlikdə gəlmiş ola bilər.

Hüquq müdafiəçisi həmçinin “David Seliverstov”la şəxsi tanışlığından danışıb. Qənizadə deyib ki, əvvəllər həmin şəxsin təşkil etdiyi bir neçə tədbirdə iştirak etmiş, amma onların mahiyyəti və keyfiyyəti ona görüntü xarakterli göründüyündən daha sonra dəvətlərə qatılmaqdan imtina edib. O, “David Seliverstov”un özünü xeyriyyəçi kimi təqdim etdiyini, lakin sonradan ona dair neqativ məlumatların ortaya çıxdığını bildirib.

Qənizadə əlavə edib ki, hüquq müdafiəçiləri tərəfindən ona müraciətlər daxil olub və monitorinq qrupu bu halları müzakirə edib. Onun sözlərinə görə, “David Seliverstov” bir şəxsdən 90 min manat almaq və həmin pulu qaytarmamaq, hədə-qorxu göstərmək iddiası ilə bağlı ittiham olunur. Qənizadə zərərçəkənlərin mətbuata, hüquq-mühafizə orqanlarına və onlara müraciət edə biləcəyini bildirib və araşdırmanın davam etdiyini qeyd edib.

Mənbədə verilən məlumata görə, özünü “David Seliverstov” kimi təqdim edən Kazım Elşən oğlu Abbasovun barəsində dələduzluq, saxta sənəd istifadəsi və səlahiyyətlərin mənimsənilməsi ittihamları üzrə araşdırmalar aparılır. Abbasovun daha əvvəl də bir neçə məhkəmə prosesində iştirakı olub: 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq xeyli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı ilə 4 il 6 ay həbs cəzası alıb; Xəzər rayon prokurorluğunun işində isə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və saxta sənədlərdən istifadə ittihamları nəticəsində 2 il azadlıqdan məhrumetmə və 3 500 manat cərimə müəyyən edilib.

Daha sonra, 29 sentyabr 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Abbasov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddələri üzrə 12 il müddətinə azadlıqdan məhrum edilib və 2022-ci ildə azadlığa buraxılıb.