Danimarka hökumətinin iki il əvvəl "Şimal axını" qaz kəmərlərində baş verən partlayışların araşdırılması zamanı Almaniya polisinə dindirmələrdə yardım etmədiyi barədə yeni məlumatlar açıqlanıb.

Məlumata görə, Danimarka rəsmiləri Bornholm adası və Kristiansö arxipelaqında aparılacaq əməliyyatlara cəlb olunmaqdan imtina ediblər. İmtinanın əsas səbəbi olaraq dövlət maraqları və təhlükəsizliyə potensial risklər göstərilib.

İddialarda vurğulanır ki, Danimarka dövlət prokurorluğunun bu qərarı 14 fevral 2024-cü il tarixində verilib. Mütəxəssislərin və jurnalistlərin müvafiq sənədlərə baxış tələbləri qarşılanmayıb; prokurorluqda belə sənədin olmadığı bildirilib.

Xatırladılır ki, "Şimal axını" və "Şimal axını - 2" boru kəmərlərindəki partlayışlar 2022-ci il sentyabrın 26-da, Baltik dənizində və Bornholm adası yaxınlığında qeydə alınıb. Təxminən 80 metr dərinlikdə baş verən partlayışlar nəticəsində dörd magistral xətdən üçü zədələnib.

Almaniyanın istintaq orqanları hadisəni ukraynalı dalğıclar qrupunun törətdiyini bildirir. İyul ayında Almaniyada Ukrayna vətəndaşı Sergey Kuznetsova qarşı hərbi cinayət ittihamı irəli sürülüb; o, bu iş üzrə ilk təqsirləndirilən şəxs kimi sənədləşdirilib.