Avqustun 23-də Daşkənddə yerləşən "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi təşkil edilib.
Mərasim meydanında Azərbaycanın və Özbəkistanın dövlət bayraqları qaldırılmış, Prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevi rəsmi şəkildə qarşıladı. Hər iki ölkənin dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi, daha sonra dövlət başçıları qarovul dəstəsinin qarşısından keçdilər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə təqdim edildi, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Şavkat Mirziyoyevə təqdim olundu.
Mərasim zamanı fəxri qarovul dəstəsi hərbi marşlar altında prezidentlərin qarşısından keçdi.
Tədbirin sonunda dövlət başçıları birgə foto çəkdirdilər.