Dünən axşam yağan güclü leysan yağışları nəticəsində Daşkəsən–Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq axını daxil olub və yol istifadəyə yararsız vəziyyətə düşərək bağlanıb.

Nəticədə həmin kənd ilə rayon mərkəzi arasındakı nəqliyyat əlaqəsi müvəqqəti kəsilib və əraziyə giriş-çıxış dayandırılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirib və vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlara göstərişlər verib.

Problemin həlli məqsədilə “31 saylı Yol İstismarı” MMC, “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən texnika və işçilər əraziyə cəlb olunub. Aparılan təmizləmə işləri nəticəsində yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənərək avtomobil hərəkəti bərpa edilib.

Qeyd olunur ki, Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti davam edir və vətəndaşlara diqqətli olmaları tövsiyə edilir.