“David Seliverstov” təxəllüsü ilə çıxış edən Kazım Elşən oğlu Abbasovun Azərbaycana nə vaxt qayıdacağı barədə verdiyi vəd icra olunmayıb və onun dönüb-dönməyəcəyi hələ məlum deyil.
Sosial şəbəkələrdə “beynəlxalq hüquq müdafiəçisi” qismində fəaliyyət göstərən həmin şəxs müxtəlif status və açıqlamalar paylaşır, amma ölkəyə qayıdışın vaxtı və hansı rəsmi statusla olacağı sualına konkret cavab vermir.
Yayılan məlumatlarda həmçinin onun “Caspian Capital Holdinq”də vitse-prezident adı ilə təqdim olunduğu qeyd olunur. Bu təyinatın hüquqi əsası, korporativ strukturda vitse-prezident institutunun sənədləşməsi və həmin şəxsin real səlahiyyətlərinin nədən ibarət olduğu ictimai maraq doğurur.
Rəsmi istintaq materiallarına görə, Kazım Abbasov 2011-ci ildə özünü “Xüsusi Xidmət İdarəsi”nin baş əməliyyat müvəkkili, baş leytenantı kimi təqdim edib və saxta sənədlər hazırlayaraq həmin tituldan istifadə edib. O, həmin vəsiqə əsasında Bakının Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bir müəssisəyə hücum edərək tanışının işini həll etməyə çalışdığı üçün saxlanılıb və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, sənəd saxtalaşdırma ittihamları ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Belə keçmiş fonunda onun holdinqdə olmayan vitse-prezident posta özünü təqdim etməsi daha da diqqət çəkir. “Caspian Capital Holdinq” rəsmi təqdimatında idarəetmənin əsas subyekti kimi İdarə Heyətini göstərir və yayılan məlumatlarda təyinatın məhz İdarə Heyətinin qərarı kimi qeyd olunduğu bildirilir.
“Caspian Capital Holdinq”in İdarə Heyətinin sədri Əsədulla Cəlilov bildirib ki, şirkət təxminən 2-3 ay əvvəl süni intellekt və kibertəhlükəsizlik mövzusunda əməkdaşlıq məqsədilə həmin şəxslə əlaqə yaradıb. Əvvəl “Neshrix” adlı şirkətin məhsulları ilə bağlı əlaqə yarandığını, sonradan əməkdaşlığın daha geniş çərçivəyə keçdiyini söyləyib.
Cəlilov vurğulayıb ki, bu təyinat klassik əmək müqaviləsi və ştat formasında olmayıb, həmin şəxs holdinqdən əməkhaqqı almırmış və əsasən məsləhətçi funksiyasını yerinə yetirib. O əlavə edib ki, hazırda şirkətdə “David Seliverstov”la formal hüquqi bağlılıq mövcud deyil və layihələr işə düşdükdən sonra hüquqi qurum yarandıqda direktor təyinatı nəzərdə tutulur.
“Caspian Capital Holdinq” rəhbəri həmçinin qeyd edib ki, həmin şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənədi şəxsən görməyib və əməkdaşlığın başlanğıcında onun keçmişi ilə bağlı dərin yoxlama aparılmayıb. Son günlər ortaya çıxan məlumatlardan sonra şirkət onunla əməkdaşlığı dayandırıb və mövcud vəziyyəti izləyir.
Holdinqin rəsmi məlumatına görə, bu qurum 2024-cü ildə təsis olunub və 200-dən çox əməkdaşı var; şirkət tikinti, mühəndislik, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida, tekstil, ticarət və turizm kimi sahələrdə fəaliyyət göstərir. Bu kontekstdə idarəetmə və vəzifə səlahiyyətlərinin sənədləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Əsədulla Cəlilov bildirib ki, “David Seliverstov” sosial şəbəkələrdə aktivliyi və özünü sahibkar kimi təqdim etməsi səbəbindən ilkin mərhələdə şübhə yaranmayıb, lakin son məlumatlar iş birliyinin dayandırılmasına gətirib çıxarıb.
Şirkət tərəfdən indiki məqamda bununla bağlı hüquqi əlaqə olmadığı və vəziyyətin necə bitəcəyinin izlənildiyi qeyd edilir.