Qırmızı Ürəklər Fondu az təminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə “Onu Oxut” adlı ianə aksiyasını davam etdirir. Aksiya 17–31 avqust tarixləri arasında keçiriləcək və 100 şagirdin məktəbə hazırlığına yardım göstərilməsini hədəfləyir.
Tədbir 5 sentyabr — Beynəlxalq Xeyriyyəçilik Günü ilə əlaqədar təşkil olunur. Toplanacaq vəsait hesabına məktəb çantaları və digər zəruri məktəb ləvazimatları alınacaq və yeni dərs ilindən əvvəl aztəminatlı ailələrdən olan seçilmiş ibtidai sinif şagirdlərinə təqdim ediləcək. Uşaqların müəyyənləşdirilməsi yerli icra orqanlarının köməyi ilə aparılacaq.
Aksiyaya dəstək vermək istəyənlər Birbank mobil tətbiqindəki “Xeyriyyəçilik” bölməsindən və ya aksiyanın posterlərində yerləşdirilmiş QR kod vasitəsilə ianə edə bilərlər. Fond bildirib ki, hər bir ianə bir şagirdin məktəbə hazırlığına və yeni tədris ilinə daha yüksək əhval-ruhiyyə ilə başlamasına kömək edəcək.
“Onu Oxut” təşəbbüsü Qırmızı Ürəklər Fondunun təhsilə dəstək istiqamətində həyata keçirdiyi layihələrdən biridir. Fond daha əvvəl də sosial həssas qruplardan olan gənclərin təhsil imkanlarının genişləndirilməsinə yardım göstərib, yeni aksiya isə xüsusi olaraq ibtidai sinif şagirdlərinə yönəlib.
Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü fəaliyyət kimi yaradılıb və həmin ildə dövlət qeydiyyatına alınıb. Fondun məqsədi ianəçilik mədəniyyətinin inkişafına töhfə vermək və təhsil, ətraf mühitin qorunması, maarifləndirmə kimi sahələrdə sosial təşəbbüslərlə çıxış etməkdir.