Dəməşq məhkəməsi keçmiş prezident Bəşər Əsədin yaxın qohumu Vasim Əsədi ölüm cəzasına məhkum edib.
Məhkəmə qərarında Vasim Əsədin bir neçə şəxsin qəsdən öldürülməsində, həmçinin insanlığa qarşı cinayətlər və hərbi cinayətlər kateqoriyasına daxil olan işgəncə halları ilə bağlı məsuliyyət daşıdığı bildirilir.
Qeyd edək ki, avqustun 11-də Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədi qiyabi qaydada ölüm cəzasına məhkum etmişdi; ona insanlığa qarşı cinayətlərdə iştirak ittihamları irəli sürülüb.
2024-cü il dekabrın 8-də ABŞ və Türkiyə tərəfindən dəstəklənən "Azad Suriya ordusu"nun komandanlığı Əsəd rejiminin devrildiyini elan etmişdi. Daha sonra mediada Əsəd və ailəsinin Rusiyaya getdiyi, orada humanitar səbəblərlə sığınacaq aldıqları və ilkin dövrdə Moskvanın "Four Seasons" otelində, sonradan "Moskva Siti"dəki "Federasiya" qülləsindəki ikimərtəbəli penthausta, sonra isə Rublyovkada yerləşdiklərinə dair məlumatlar yayılmışdı. Onların təhlükəsizliyinin xüsusi xidmət əməkdaşları tərəfindən təmin edildiyi qeyd olunur.