Erməni əsilli amerikalı iş adamı və tanınmış influenser Den Bilzeryan Florida ştatının altıncı seçki dairəsindəki ilkin seçkilərdə rəqibi Rendi Fayn qarşısında uduzub.

Seçicilərin nəticələrinə görə, 56,8%-lə qalib elan edilən Rendi Fayn Den Bilzeryandan 17,9% daha çox səs toplayıb.

Kampaniya dövrü siyasi debatlardan çox ksenofobiya və qarşılıqlı ittihamlarla müşayiət olunub. Namizədlərin sərt və qalmaqallı bəyanatları ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Qeyd edilir ki, Rendi Fayn kampaniya zamanı və sosial şəbəkələrdə islamofobik çıxışlarla seçicilərin diqqətini çəkib və Qəzza məsələsinə dair radikal çağırışlarla yadda qalıb.

Den Bilzeryan isə kampaniyasını açıq antisemitik ritorika üzərində qurmaqda ittiham olunub; o, Holokostun inkarı və problemlərin böyük qisminin yəhudilərlə bağlı olduğu barədə bəyanatlar verib. Həmçinin rəqibini dini və milli əsasa görə tənqid etdiyi bildirilir.

Populyar mətbuata yönələn şou tipli çıxışlar və sosial şəbəkələrdə geniş izləyici kütləsi Den Bilzeryanın seçki uğuru qazanmasına yetməyib. ABŞ mediada bu praymerizi tarixən problemli sayılan seçkilərdən biri kimi xarakterizə edib.

D.Bilzeryanın sosial media hesablarında geniş auditoriyası olduğu, Instagram-da təxminən 30 milyon, X platformasında isə təxminən 2 milyon izləyicisinin olduğu qeyd edilir.

2018-ci ildə Ermənistan vətəndaşlığı alan Bilzeryanın daha sonra işğal altında olan Azərbaycan torpaqlarına gəlib müxtəlif silahlarla hədəflərə atəş açdığı bildirilir. Bu hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanıb və ona qarşı Cinayət Məcəlləsinin 228.3 və 318.2 maddələri ilə ittiham irəli sürülərək məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Həmçinin onun barəsində “İnterpol” xətti ilə axtarış elan edildiyi qeyd olunur.