Deputat Ceyhun Məmmədov suyun dəyərinin yalnız çatışmadığı zaman başa düşüldüyünü söyləyib və insanların gündəlik həyatında suya münasibətinə diqqət çəkib.
O bildirib ki, bir insanın ömrü ərzində içmək üçün təxminən 50-60 min litr suya ehtiyacı ola bilər və buna baxmayaraq çox vaxt su boş yerə axıdılır.
Məmmədov misal olaraq kranı açıq qoyub getməyimizi, diş fırçalayarkən suyun davamlı axıdılmasını, maşın və həyət yuyarkən ehtiyacdan artıq su sərf edilməsini və sızan kranların günlərlə təmir edilməməsini qabardıb.
Deputat qeyd edib ki, sayğaclar ölçü aparanda insanların davranışı dəyişir, çünki sərf olunan kubmetrlərin hesabını görəndən sonra daha diqqətli olurlar. O, suya qənaətin sadəcə hesabdan yayınmaq məqsədi ilə deyil, suyun öz dəyərini başa düşməkdən başlaması gərəkdiyini vurğulayıb.
“Bir tərəfdə insanlar bir damla su axtarır, digər tərəfdə isə tonlarla suyu düşünmədən israf edirik”, — deyə o əlavə edib və kiçik tədbirlərin, məsələn kranı bağlamaq və sızan borunu təmir etdirməyin böyük israfın qarşısını alacağını bildirib.
Deputat çıxışını suyu puluna görə deyil, həyatımıza görə qorumağın vacibliyi ilə yekunlaşdırıb və bu gün israf etdiyimiz suyun sabah ən böyük ehtiyaca çevrilə biləcəyini xatırladıb.