Uşaqların müxtəlif ictimai məkanlara girişinə dair yanaşmaların yenidən nəzərdən keçirilməsi müzakirə olunur. Deputat Fazil Mustafa bildirib ki, əgər məscidə uşağın buraxılması ilə bağlı məhdudiyyət varsa, digər məkanlar üçün də oxşar meyarlar tətbiq edilə bilər.

Fazil Mustafa məsələ ilə bağlı ciddi tənzimləmələrin zəruri olduğunu vurğulayıb və spirtli içki və tütün məmulatlarının satıldığı və ya istifadə olunduğu məkanlara uşaqların girişinin məhdudlaşdırılmasının vacib olduğunu söyləyib. O bildirib ki, bu cür məhdudiyyətlər uşaqların gələcəyinin qorunması baxımından əhəmiyyətlidir.

Deputatın sözlərinə görə, cəmiyyətdə bu mövzuya qarşı ciddi ziddiyyət yaranmır. O, həmçinin uşaqların dini fanatizm, insan alveri və digər təhlükələr kimi zərərli təsirlərdən qurban olma hallarını nəzərə alaraq onların qorunmasının yollarının düşünülməli olduğunu qeyd edib.

Fazil Mustafa konkret addımların atılmasının vacibliyini önə çəkərək qanunvericiliyin uşaqların müdafiəsinə yönəlmiş qoruyucu mexanizmlərinin gücləndirilməsini təklif edib: "Spirtli içkilərin və tütün məmulatlarının satıldığı və ya istifadə olunduğu məkanlara uşaqların girişinin məhdudlaşdırılması onların gələcəyinin qorunması baxımından vacibdir. Düşünürəm ki, bu məsələyə cəmiyyətdə ciddi bir ziddiyyətli yanaşma da yoxdur. Xüsusilə uşaqların müxtəlif zərərli təsirlərin, o cümlədən dini fanatizmin, insan alverinin və digər təhlükələrin qurbanına çevrildiyi halları nəzərə alsaq, onların bu cür mənfi təsirlərdən qorunmasının yolları düşünülməlidir".

Deputat qeyd edib ki, əsas məqsəd uşaqların zərərli vərdişlərə və mənfi təsirlərə yoluxmasının qarşısını almaq və onların sağlam, işıqlı gələcəyini təmin etməkdir: "Hesab edirəm ki, qanunvericilikdə də uşaqların müdafiəsinə yönəlmiş müəyyən qoruyucu mexanizmlər mövcuddur və onların daha da gücləndirilməsi vacibdir. Əsas məqsəd uşaqların zərərli vərdişlərə və mənfi təsirlərə yoluxmasının qarşısını almaq, onların sağlam və daha işıqlı gələcəyini təmin etmək olmalıdır".