Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi dəyişiklikləri təsdiqləyib. Sənədlər Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna düzəlişləri əhatə edir.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, dövlət mülkiyyətində olan əmlaklar, o cümlədən dövlət torpaqları, qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətə aid əmlaklarla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilər. Bu mexanizm üçün hüquqi əsas yaradılıb.

Lakin özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı və dövlətin müstəsna mülkiyyətində olan, həmçinin dövlət ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri dəyişdirmə predmetinə daxil edilə bilməz.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək. Qiymətləndirmə zamanı alqı-satqı zamanı formalaşan bazar qiyməti nəzərə alınacaq. Həmçinin təklif edilən dəyişikliklərlə dövlət orqanları və bələdiyyələr qiymətləndirmə həyata keçirən sifarişçilər statusu qazanacaqlar.

Qaydalar çərçivəsində dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahələrinin xüsusi mülkiyyətə aid əmlakla və ya torpaq sahəsi ilə necə dəyişdiriləcəyinin proseduru ayrıca təsdiq ediləcək.

Qanunvericiliyə edilən dəyişikliklər əmlak və torpaq sahələrinin daha səmərəli istifadəsinə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın artmasına və dövlətlə vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında çevik mübadilə imkanlarının genişlənməsinə xidmət edəcək. Eyni zamanda bu dəyişikliyin məqsədi mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakını təmin etməkdir.