Son statistik göstəricilərə görə, qlobal çay istehsalı illik 7,05 milyon tona çatıb.
Bu səviyyə 20 il əvvəlki istehsal həcmi ilə müqayisədə təxminən iki dəfə çoxdur. Qara çay qlobal bazarda liderliyi saxlayır, yaşıl çayın payı isə ümumi istehsalın təxminən üçdə biri təşkil edir.
Çin dünyanın ən böyük çay istehsalçısıdır — ölkədə il ərzində 3,74 milyon ton çay istehsal edilib ki, bu da qlobal istehsalın 53 faizinə bərabərdir. Çin istehsalı, ikinci yerdə olan Hindistanın göstəricisindən təxminən üç dəfə çoxdur.
Hindistan ildə 1,285 milyon ton çay istehsal edərək dünya istehsalının 18 faizini təmin edib. Beləliklə, Çin və Hindistan birlikdə qlobal istehsalın 71 faizinə nəzarət edirlər.
Siyahıda üçüncü pillədə Keniya qərarlaşıb — ölkə 599 min ton çay istehsal edib və bunun dünya istehsalındakı payı 8 faizdir. Keniya həm də çayın əsas ixracatçılarından biridir və istehsalının böyük hissəsini xarici bazarlara çıxarır.
Dördüncü yerdə Türkiyə 273 min ton ilə, beşinci yerdə Şri-Lanka 262 min ton ilə yer alır. İlk səkkizlikdə həmçinin Vyetnam (180 min ton), İndoneziya (125 min ton) və Yaponiya (74 min ton) daxil edilib.
Qeyd olunan səkkiz ölkə ümumilikdə dünya çay istehsalının 93 faizini həyata keçirib. Digər dövlətlərin birgə istehsalı 515 min ton təşkil edib ki, bu da qlobal həcmə görə təxminən 7 faiz deməkdir.
Çay istehsalında Asiya ölkələrinin üstünlüyü nəzərə çarpır: ən böyük səkkiz istehsalçının yeddisi bu qitədə yerləşir. Türkiyə eyni zamanda adambaşına illik çay istehlakının yüksək olduğu ölkələrdəndir — orada adambaşına illik istehlak 3 kiloqramdan artıqdır.
Son il üzrə Azərbaycanda çay istehsalı 11,5 min ton səviyyəsində qeydə alınıb.