Dünya üzrə kişilərin orta boyuna əsaslanan ən hündür 60 ölkənin siyahısı açıqlandı.
Yayılan reytinqə görə Niderland 183,8 santimetr orta göstərici ilə birinci pillədədir. Monteneqro 183,3 santimetr ilə ikinci, Estoniya isə 182,8 santimetr ilə üçüncü sıranı tutur.
İlk onluqda Bosniya və Herseqovina (182,5 sm), İslandiya (182,1 sm), Danimarka (181,9 sm), Latviya (181,2 sm), Çexiya (181,2 sm), Slovakiya (181 sm) və Sloveniya (181 sm) də yer alıb.
Türkiyə reytinqdə 176,4 santimetr orta kişi boyu ilə 53-cü sırada qərarlaşıb. Siyahıda həmçinin Ukrayna, Xorvatiya, Serbiya, Litva, Polşa, Finlandiya, İsveç, Norveç, Almaniya, Yunanıstan, Belçika, Avstraliya, Kanada, Fransa, Böyük Britaniya, ABŞ, Rusiya və İspaniya kimi ölkələr mövcuddur.
Siyahının sonuncu pilləsində İsrail yerləşir; orada kişilərin orta boyu 176 santimetr olaraq göstərilir.
Azərbaycanın reytinqdə adı olmadığı halda, beynəlxalq demoqrafik və tibbi məlumat bazalarında ölkəyə aid orta boy göstəriciləri yer alır. Bu mənbələrə əsasən, Azərbaycanda kişilərin orta boyu təxminən 171,4–172,5 santimetr, qadınların orta boyu isə 163,8–164,5 santimetr aralığında bildirilir.
Qlobal ortalamalara görə kişilərin orta boyu təxminən 173 santimetr, qadınların orta boyu isə 160 santimetr civarındadır. Bu göstəricilərlə müqayisədə Azərbaycanın qadın orta boyu dünya ortalığından bir qədər yüksək, kişilərin göstəricisi isə qlobal ortalama ilə yaxın səviyyədə qiymətləndirilir.
Region müqayisələrində Gürcüstan üçün kişilərin orta boyu 175,9 santimetr, Ermənistanda isə 171,5 santimetr kimi göstərilir.
Qeyd olunur ki, ölkələr üzrə orta boy göstəriciləri istifadə olunan metodologiyaya, ölçülən yaş qruplarına və tədqiqat illərinə görə fərqlənə bilər və bu nəticələr mənbələr arasındakı fərqlərə təsir edir.