İranın Xarici İşlər naziri Abbas Əraqçi ölkəsinin Azərbaycanla münasibətlərini yüksək qiymətləndirib və Prezident Məsud Pezeşkianın qonşu dövlətlərə yanaşmasının önəmini vurğulayıb.

Əraqçi bildirib ki, İranın xarici siyasətində əsas prinsiplər dəyişməz qalır, lakin fərqli hökumətlər dövründə müxtəlif təşəbbüslər və dialoq yolları tətbiq oluna bilər. O əlavə edib ki, Pezeşkianın rəhbərliyi dövründə qonşulara daha çox diqqət verilib.

Nazir deyib ki, prioritet kimi ilk növbədə ətraf bölgədə sülh və sabitliyin təmin olunması nəzərdə tutulub, bundan sonra isə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün şərait yaradılması hədəflənib.

Əraqçi həmçinin Pezeşkianın müsəlman ölkələri arasında birliyin möhkəmləndirilməsinə şəxsi inam göstərdiyini qeyd edib və bu çərçivədə onun müsəlman qonşu ölkələrin liderləri ilə görüşlərində birlik məsələsinin diqqət mərkəzində olduğunu bildirib.

XİN rəhbəri iki prezident arasında birbaşa dialoqun əlaqələrə müsbət təsir göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan Prezidenti ilə telefon danışığı və Pezeşkianın Azərbaycan dilində salamlaşması, eləcə də bəzi Azərbaycan atalar sözlərindən istifadə etməsi münasibətlərin gərginlikdən çıxaraq yaxşı istiqamətə dəyişməsində mühüm rol oynayıb.

Əraqçi əlavə edib ki, İranın digər qonşu dövlətlərlə — Mərkəzi Asiya, Qafqaz, şərqdə Əfqanıstan və Pakistan, qərbdə isə Türkiyə və İraq daxil olmaqla — əlaqələri davam edir və yaxşı səviyyədə qalır.