Burger sadə görünən yeməkdir, lakin evdə restoranın verdiyi səviyyəti təkrarlamaq çətin ola bilər. Bu fərq adətən hazırlıq zamanı edilən xırda, amma önəmli səhvlərdən qaynaqlanır.

Mayami-Biçdə yerləşən "Fontainebleau" restoranının baş aşpazı Maykl Hauk evdə həqiqətən dadlı burger almaq istəyənlər üçün bir neçə praktik məsləhət açıqlayıb.

Aşpazın vurğuladığı ən geniş yayılan səhvlərdən biri kotletləri qızardandan sonra tavada qalan şirə və yağın bulkaya hopdurulmasıdır. İlk baxışda bu üsul əlavə dad verirmiş kimi görünə bilər, lakin Hauk bunu uğurlu saymır və əvəzinə bulkaların kərə yağında qızardılmasını tövsiyə edir.

Hauk məsləhət görür ki, bulkaları kəsilmiş tərəfi aşağı olmaqla, duzsuz kərə yağı əlavə edilmiş tava üzərinə qoyub orta odda təxminən 2–3 dəqiqə qızartmaq lazımdır. O, bu qızarmış səthin bir növ baryer rolunu oynayıb lazım olan teksturanı qoruduğunu bildirir.

Şef həmçinin bulkaları kotletlər demək olar ki, hazır olduğu vaxt qızartmağa başlamağı məsləhət görür. Onun qeyd etdiyi kimi, bulkaların hazırlığı üçün tələb olunan 3–4 dəqiqə eyni zamanda ətin dincəlməsi üçün optimal vaxtdır. Qril üzərində bulkaları daha asanca qızartmaq mümkündür; intensiv istilik olduğundan onları barmaqlıqların kənarına, daha aşağı temperaturda yerləşdirmək yaxşı nəticə verir.

Bulk seçimi ilə bağlı Hauk briyoş və ya kartoflu bulkaları üstün sayır; bu növlərin dadı ətin əsas dad komponenti olaraq qalmasına şərait yaradır. Bununla belə, o, bulkaların seçiminin şəxsi zövqdən asılı olduğunu da qeyd edib.

Kotletlərlə bağlı şefin digər vacib tövsiyəsi eyni ölçü və çəkidə kotletlər hazırlamaqdır. Hazır olub-olmadığını rəqəmsal termometrlə yoxlamaq tövsiyə olunur. Hauk ətin tələb olunan temperatura çatmasına təxminən 5 dərəcə qalmış ocaqdan götürməyi məsləhət görür, çünki ət dincələn vaxt bişməyə davam edir.

Qızartma zamanı kotletin sıxılması məsələsinə də diqqət yetirilib. Hauk smash-burger tərzində kotlet sıxmaqla bağlı bunları söyləyib: “Onu kotlet hələ çiy olarkən yastılaşdırın. Bunu etmək üçün ideal vaxt məhz budur və kotleti sıxmaq lazım olan yeganə məqam da budur.” Onun sözlərinə görə, qızartma başlayandan sonra kotleti sıxmaq xarici qabığın və şirənin itirilməsinə səbəb olur.

Aşpazın son məsləhəti ətə bişirmədən əvvəl otaq temperaturuna yaxınlaşdırmaqdır. Temperaturu təxminən 10–15 dərəcə artırmaq qril üzərində bişirmə vaxtını qısaldır və ətin daha çox nəmini saxlamasına kömək edir.