Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini media qarşısında paylaşıb.

O, anasının övladı üçün çətinliklərə baş qoyan, məsuliyyətli bir qadın olduğunu vurğulayıb. Gövhər bildirib ki, valideynlərinin ayrılığından sonra atası ilə əlaqəsi davam edib və atası 2023-cü ildə vəfat edib.

Qızının sözlərinə görə, Xanım Qafarova işi ilə bağlı gecələr evdə olurdu və buna görə aralarında çox xatirə qalmayıb: "Anam riskə gedən, övladı üçün çətinliyə dözən qadın olub. Anamı ancaq gecələr görürdüm. İşi ilə bağlı gec gəlirdi. Bəzən heç gecəni gözləyə bilmirdim, yatırdım. Ona görə də anamla xatirələrimiz azdır."

Gövhər həmçinin anasının hamiləlik dövründə də səhnədən uzaqlaşmadığını, çox çalışdığını söyləyib: "Anam mənə hamilə olanda da çox işləyib, səhnəyə bağlı olub. Çox çalışıb ki, özünə gün ağlasın. Anam 40 yaşında ailə həyatı qurub, 46 yaşında dünyasını dəyişib. Mənim məktəbə getdiyimi görə bilmədi. Onun nə evlilik, nə iş həyatında uğuru, yaxşı günü olmayıb."

O, nənəsi və xalasının qayğısı ilə böyüdüyünü deyib və anasının sağlamlığına diqqətsiz yanaşdığını qeyd edib: "Anam səhhətinə səhlənkar yanaşırdı. Müalicə ala-ala yenə səhnəyə çıxırdı. Saçları tökülmüşdü, pariklə səhnəyə çıxırdı. Bunları mənə xalam və nənəm danışırdı."

Gövhər uşaq ikən anasının sağalması üçün dua etdiyini söyləyib, lakin nənəsinin və daha sonra xalasının vəfat etdiyini bildirərək bu itkilərin onu sarsıtdığını əlavə edib: "Uşaq idim, dua edirdim ki, anam sağalsın, Allahım anamı alma. Dualarım qəbul olmadı. Nənəm yıxıldı, ayağı zədələndi. Xalam, övladları ona baxırdı. Nənəm rəhmətə getdi, toparlanmağa çalışdım. Universitetə imtahan verirdim, evə qayıdanda xalam vəfat etdi."

Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkib və 2014-cü ildə vəfat edib.