Sosial şəbəkələrdə bir fermerin südün litrinin 15 qəpiyə alınmasına etiraz olaraq 60 litr südü yerə tökməsi əks olunan video geniş yayılır.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, belə hallar ölkədə kifayət qədər yayılıb və fermerlər həm maarifləndirilmir, həm də onlara kifayət qədər dəstək göstərilmir.
Ekspertin sözlərinə görə, ölkədə süd və süd məhsullarına tələb yüksəkdir, lakin daxili istehsal xaricdən gətirilənlərlə müqayisədə geridə qalır. O qeyd edib ki, bu il ölkə ötən illə müqayisədə süd idxalını artırıb və idxal edilən südün 1 litrinin qiyməti 2 dollardan yüksəkdir.
V.Məhərrəmov təklif edir ki, Kənd Təsərrüfatı Nazirliyi kiçik süd istehsalçılarını vahid kooperativlər altında birləşdirməli və fermerlərin məhsulu özlərinin emal etməsinə şərait yaratmalıdır. Onun fikrincə, hər kənddən təxminən 500 litr və ya 1 tona yaxın süd toplanması mümkündür.
Ekspert həmçinin kənd təsərrüfatı sahəsinə cavabdeh şəxslərin vəzifə borclarını yaxşı bilmədiklərini, qeyri-peşəkar yanaşmanın problemləri artırdığını bildirib.
V.Məhərrəmov əlavə edib ki, yerlərdə fermerlər üçün infrastruktur yaradılmalı və ucuz kredit imkanları təmin edilməlidir. O, etiraz edən fermerin əsas istəyinin məhsulunu satmaq olduğunu vurğulayıb və sovet dövründəki təcrübəni xatırladığını deyib.
Ekspert sovxoz dövründə Aran rayonlarından pambıq çiyidi gətirdiyini, Gəncədən yem təmin etdiyini və həmin vaxt heyvan südünün yağlılıq dərəcəsinin 6–7 faizə çatdığını, bu südün təhvil verildikdə isə 3.2–3.4 faizlə hesablandığını xatırladıb. Onun qənaətinə görə, dövlətin daha fəal iştirakı olarsa, fermerin məhsulu yenə daha münasib qiymətə satıla bilər.
V.Məhərrəmov ölkənin süd məhsullarına olan tələbatının təxminən yarısını daxili istehsal hesabına ödəyə bildiyini söyləyib və xəbərdarlıq edib ki, ət məhsullarında yaranmış defisit davam edərsə, süd məhsulları da oxşar problemlərlə üzləşə bilər.