Filippinin cənubunda yerləşən Zamboanqa şəhərindəki liseydə silahlı hücum qeydə alınıb.

Milli İstintaq Bürosunun (NBI) açıqlamasına görə, hadisə dərslər başlamazdan qısa müddət öncə baş verib. İlkin məlumatlara əsasən, hücum nəticəsində 4 nəfər həlak olub, 9 nəfər yaralanıb.

NBI-nin bildirdiyinə görə, məktəbə tapança ilə gələn şəxsin liseyin sonuncu sinfində təhsil alan şagird olma ehtimalı istisna edilmir. Ölənlər arasında 2 şagird və 2 mühafizə əməkdaşı olduğu açıqlanıb.

Hadisənin səbəblərinin və məktəbdəki mümkün təhlükəsizlik çatışmazlıqlarının müəyyənləşdirilməsi üçün araşdırma başlayıb.

Filippin Prezidenti Ferdinand Markos Jr. təhlükəsizlik qüvvələrinə insidenti hərtərəfli araşdırmağı tapşırıb. O, həmçinin rəsmilərdən məktəblər və yerli icmalarla əməkdaşlığı artıraraq şagirdlərin təhlükəsizliyinin gücləndirilməsini tələb edib.