Fransa Prezidenti Emmanuel Makron “Ölüm zamanı yardım hüququ haqqında” qanunu imzalayıb.
19 avqustda ölkənin rəsmi bülletenində dərc edilən sənəd avqustun 18-də Prezident tərəfindən təsdiqlənib.
Qanunun qəbulundan dərhal sonra bu hüquqdan istifadə mümkün olmayacaq. Hökumət əvvəlcə ərizələrin qəbulunu və baxılmasını, prosedurları nəzarət edəcək və tibb müəssisələrinin fəaliyyətini tənzimləyəcək qanunvericilik aktlarını hazırlamalıdır. Eyni zamanda evtanaziyada istifadə olunacaq preparatların siyahısı müəyyən edilməlidir.
Yeni mexanizmin 2027-ci ilin əvvəllərində işə düşəcəyi gözlənilir.
Qanuna görə yardım üçün müraciət etmək hüququ yetkin şəxslərə və ölkədə daimi və qanuni yaşayan əcnəbilərə aiddir. Namizədin həyatını təhdid edən, gecikmiş və ya terminal mərhələdə olan ağır, sağlamlığı bərpa olunmayan xəstəlikdən əziyyət çəkməsi tələb olunur. Qərarın sərbəst və şüurlu şəkildə ifadə edilməsi vacibdir; yalnız psixoloji problemlər xəstəyə yardım hüququ qazandırmır.
Sənəddə "evtanaziya" termini işlənsə də, praktikada xəstə öldürücü preparatı özünün müstəqil şəkildə vurması nəzərdə tutulur. Fiziki qabiliyyəti olmayan hallarda preparatı həkim və ya tibb bacısı tətbiq edəcək. Belə prosedur başqa mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək və qərar 15 gün ərzində verilməlidir. Qəbul edildikdən sonra xəstəyə ən azı iki gün düşünmək müddəti tanınır. Həmçinin istənilən vaxt proseduru dayandırmaq mümkündür.
Tibb işçiləri şəxsi etiqad və istəklərinə əsasən bu prosesdə iştirakdan imtina edə bilərlər. Lakin imtina edənlər xəstəyə proseduru həyata keçirəcək mütəxəssisin əlaqə məlumatlarını çatdırmalıdırlar.
Emmanuel Makron qanunun qəbulunu nümunəvi demokratik müzakirənin nəticəsi adlandırıb. Qanunun müəllifi hesab edir ki, bu addım irəliyə doğru mühüm irəliləyişdir.
Evtanaziyaya etiraz edən Jérôme Lejeune Fondu isə qanunun əqli pozuntuları olan insanların kifayət qədər müdafiə olunmadığını bildirir, belə şəxslərin qərarın nəticələrini düzgün qiymətləndirməkdə və ya başqalarının təzyiqinə müqavimət göstərməkdə çətinlik çəkə biləcəyi vurğulanır.
Qeyd edək ki, Fransa Milli Assambleyası qanunu yekun olaraq 15 iyulda təsdiqləmiş, deputatlardan 291-i lehinə, 241-i isə əleyhinə səs vermişdi.