Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Fuad Ağayev qadınların Avropa çempionatının A qrupunda təyinat alıb.

Hakimin 21-28 avqust tarixlərində İstanbulda keçiriləcək A qrupunun oyunlarında həm əsas hakim, həm də ikinci hakim kimi fəaliyyət göstərəcəyi bildirilib.

Avropa çempionatı dörd ölkənin birgə ev sahibliyi ilə təşkil olunur: Azərbaycan, Türkiyə, Çexiya və İsveç. Turnir avqustun 21-dən sentyabrın 6-dək davam edəcək.

Azərbaycan paytaxtında C qrupunun görüşləri keçiriləcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaq.

Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixləri arasında Milli Gimnastika Arenasında təşkil olunacaq.