Gəncədə yaşayan ana uzun müddət ayrı düşdüyü iki azyaşlı övladına yenidən qovuşub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, sosial şəbəkələrdə bir ananın övladlarının tapılıb ona qaytarılması ilə bağlı videomüraciəti yayılmışdı.
Hadisə ilə bağlı qadın Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə (116111) müraciət edərək 7 və 4 yaşlı uşaqlarının əvvəlcə babaları tərəfindən götürüldüyünü, sonradan isə ona geri verilmədiyini bildirmişdi.
Qadının şikayəti əsasında məsələ müvafiq qaydada Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara yönəldilib. Uşaqların hüquqları və mənafelərinin qorunması, eləcə də onların anaya təhvil verilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib.
Polisin və əlaqədar qurumların birgə fəaliyyəti nəticəsində uşaqlar ötən gün anaya təhvil verilib və ailə yenidən bir araya gətirilmişdir.
Komitənin bildirdiyinə görə, uşaq hüquqlarının müdafiəsi, onların təhlükəsizliyi və ali mənafelərinin təmin olunması ilə bağlı daxil olan müraciətlər diqqətlə araşdırılır.
Qeyd olunur ki, hadisənin zərərçəkəni 24 yaşlı Jalə Adil qızı Ağayeva olub və o, uşaqlarının babası tərəfindən aparıldığını bəyan etmişdi.