Gəncədə yeni futbol klubu "Gəncəbasar"ın ictimai təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Futbolun İnkişaf Fondu, Gənclər və İdman Nazirliyi, klub rəsmiləri, veteran futbolçular, iş adamları və media təmsilçiləri iştirak edib.
Təqdimatda klubun prezidenti Həşim Mövsümzadə elan olunub. Mövsümzadə uzunmüddətli və davamlı klub modeli yaratmağa, həmçinin strateji inkişaf planlarını icra etməyə yönələcəklərini vurğulayıb.
Klub rəhbərliyinin açıqlamasına görə, "Gəncəbasar"ın strategiyası infrastrukturun gücləndirilməsi, müəyyən hədəflərin həyata keçirilməsi və bölgədə futbolun inkişafına dəstək verməkdir.
Komandanın baş məşqçisi Elhad Nəziri ictimaiyyətə təqdim edilib.
Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev klubun fəaliyyətində uğurlar arzulayıblar.
Klubun icraçı direktoru İlqar Nadiri bildirib ki, "Gəncəbasar" Azərbaycan I Liqasında mübarizə aparacaq və ev oyunlarını Gəncə stadionunda keçirəcək.
Təqdimat mərasimində həmçinin klubun yeni maskotu da göstərilib; maskotun canavar obrazında hazırlandığı qeyd edilib.