Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov bu gün vəfat edib.
Abbasəli Novruzov 1937-ci ildə Ermənistan SSR-in Dərələyəz mahalı, Zeytə kəndində dünyaya gəlib. Atası Cəfərov Ramazan Novruz oğlu ikinci Dünya müharibəsindən qayıtdıqdan on beş gün sonra 1945-ci ildə vəfat edib. 8 yaşında atasız qalan Abbasəli bacıları Binyaz, Gülnaz və qardaşı ilə anası Leyla xanımın himayəsinə verilib.
1949-cu ildə ailəsi ilə birlikdə tarixi yurdlarından deportasiya edilərək Sabirabad rayonunun Şıx Salahlı kəndinə köçürülüblər.
Peşəkar fəaliyyətinə çağırışçı kimi Sərhəd Qoşunlarında başlayan Abbasəli Novruzov əvvəl SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirib. O, sıravi əsgərdən başlayaraq polkovnik rütbəsinə qədər yüksəlib və hüquqşünas, hərbi tərcüməçi və kəşfiyyatçı kimi müxtəlif vəzifələrdə çalışıb.
Karyerası ərzində o, zastava rəisinin müavini və Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifələrinə qədər irəliləmiş, Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir olaraq xidmət göstərib. Səhhəti ilə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və idarə rəisi kimi çalışıb.
1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən Azərbaycanın o vaxtkı Mərkəzi Komitə rəhbərinin təşəbbüsü ilə ona "Əməkdar hüquqşünas" fəxri adı və "SSRİ DTK-nın fəxri əməkdaşı" adı verilib.
1993-cü ildə siyasi dəyişikliklərdən sonra ordu və sərhəd qüvvələrinin bərpası üçün işlərə başlanılıb. 1994-cü il aprelin 8-də Prezident tərəfindən milli təhlükəsizlik naziri müavini və Sərhəd Qoşunlarının komandarı təyin edilərək müstəqil Azərbaycanın sərhəd mühafizəsinin təşkilində əsas rol oynayıb. Tezliklə ona general-mayor hərbi rütbəsi verilib.
Abbasəli Novruzovun rəhbərliyi altında İran, Rusiya və Gürcüstanla sərhədlərin mühafizəsi təmin olunub. Maddi-texniki baza möhkəmləndirilib, sərhəd texniki qurğularının bərpasına diqqət yetirilib və sərhəd dəstələri yaradılıb. Eyni zamanda şəxsi heyətin attestasiyası aparılaraq xidmətdə təsadüfi şəxslərdən təmizləmə işi görülüb və ali təhsilli gənclərdən yeni kadrlar xidmətə cəlb edilib.
Sərhəd Qoşunları ilə yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları və ictimai təşkilatlar arasında əlaqələr genişləndirilib, sərhəd mühafizəsinə həsr olunmuş birgə müşavirələr və toplantılar keçirilib.
Nəticədə sərhəd pozuntularının sayı azaldılıb. Azərbaycan MDB ölkələrinin birgə sərhəd qorunması sazişinə qoşulmasa da, ikitərəfli əsasda Rusiya və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalanıb və əməkdaşlıq istiqamətində addımlar atılıb.