Dövlət Gömrük Komitəsinin tabeliyindəki “Azərterminalkompleks” Birliyi “Meqaplus” (VÖEN – 2900377921) adlı şirkətlə satınalma müqaviləsi imzalayıb.
Müqavilə tender keçirilmədən, bir mənbədən satınalma üsulu ilə bağlanıb. Razılaşmaya əsasən, “Meqaplus” Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda cari və əsaslı təmir işlərini icra edəcək.
Tender şərtlərinə görə, görüləcək işlər üçün şirkətə Gömrük Komitəsindən 8 milyon 470 min 663 manat 74 qəpik ödəniləcək.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Meqaplus” 24 aprel 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin ünvanı Sumqayıt şəhəri, Məhəmməd Hadi küç., ev 6/21, mənzil 14 olaraq göstərilir və qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.
Açıq mənbələrdə “Meqaplus” barədə məlumat məhduddur; mövcud qeydlər şirkətin tikinti sahəsində fəaliyyət göstərdiyini və dövlət qurumlarının keçirdiyi yüksək məbləğli tenderlərdə qalib gəldiyini göstərir.
Eyni zamanda, hazırkı vəziyyətə görə “Meqaplus”ın büdcəyə vaxtında ödənilməmiş vergi borcu 181 356 manat 9 qəpik təşkil edir.