“Azərbaycanın və Özbəkistanın Xalq artisti adını daşımaq mənim üçün böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir. Bu məsuliyyət mənə iki qardaş ölkənin mədəniyyətlərini sənət vasitəsilə daha da yaxınlaşdırmaq üçün yeni layihələr həyata keçirməyə stimul verir”.
Bu sözləri Gülyanaq Məmmədova bildirib. O, Xalq artisti adının özü üçün həm şərəf, həm də məsuliyyət daşıdığını vurğulayıb və bu statusun Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri genişləndirmək üçün yeni təşəbbüslərə təkan verdiyini söyləyib.
Məmmədova qeyd edib ki, Azərbaycan musiqisi Özbəkistanda hər zaman böyük maraq və sevgi ilə qarşılanır və bu münasibət ona xoş təəssürat yaradır. O, həmçinin bildirib ki, Özbəkistanda yaşayan xalqımız Azərbaycana qarşı böyük sevgi və hörmət göstərir və bu münasibətin şahidi olarkən qürur hissi keçirir.
Xalq artisti həmkarları ilə isti əlaqələrindən də danışıb. O, Özbəkistanın tanınmış sənətkarı, Azərbaycan-Özbəkistan Xalq artisti Fərrux Zakirovla və Özbəkistanın Xalq artisti, muğam ustadı Munojat ilə yaxın dostluq münasibətlərinin olduğunu vurğulayıb.
Məmmədova əlavə edib ki, Azərbaycan musiqisinin Özbəkistan televiziya kanalları vasitəsilə orada təqdim edilməsi yerli tamaşaçıların milli sənətə olan marağının göstəricisidir. Onun əsas məqsədlərindən biri klassik irsi gənc nəslə daha müasir və cəlbedici formada təqdim etmək və onları milli sənət nümunələrinə yaxınlaşdırmaqdır.