Cəmiyyətdə xəstənin sağlamlığında pis nəticə ortaya çıxanda bunu avtomatik olaraq həkim səhvi hesab etmək geniş yayılmış yanaşmadır. Lakin tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkimin hüquqi məsuliyyətini ehtiva etmir.
Həkimin məsuliyyəti əsasən müdaxilənin tibbi göstərişlərə uyğun aparılıb-aparılmaması, diaqnozun düzgün qoyulması, müalicə taktikasının tibbi standartlara cavab verməsi və prosedurun peşəkar qaydada icra edilməsi əsasında qiymətləndirilir. Sadəcə xəstədə sonradan yaranan fəsadlar həkimin təqsirkar olduğunu sübut etmir.
Məhkəmə tibbi mübahisələrdə nəticədən daha çox həmin nəticəyə aparan prosesin qaydalara uyğun həyata keçirilib-olunmadığına diqqət yetirir. Əgər diaqnoz mövcud müayinələrə əsasən düzgün müəyyən edilib, seçilmiş müalicə üsulu uyğun olub və əməliyyat tibbi standartlara uyğun icra edilibsə, arzuolunmaz nəticə həkimin avtomatik məsuliyyətini müəyyən etmir.
Ali Məhkəmənin Plenumunun müvafiq qərarında göstərildiyi kimi, bütün prosedurlar tibb elminin ümumi qəbul edilmiş sübutlu təbabət prinsiplərinə müvafiq, xüsusi diqqət və tələb olunan tədbirlər çərçivəsində həyata keçirildikdə vurulmuş zərərə görə məsuliyyət istisna olunur. Beləliklə, həkim tibbi standartlar çərçivəsində hərəkət etmiş və lazımi qayğı göstərmişdirsə, ortaya çıxan arzuolunmayan nəticə qanuni baxımdan ona məsuliyyət yükləməyə səbəb olmaya bilər.
Tibbi mübahisələrdə ən mühüm sübut vasitəsi tibbi sənədlərdir. Tibb müəssisəsi göstərdiyi xidmətlərin qanuna və klinik protokollara uyğun olduğunu sənədlərlə əsaslandırmalıdır. Xəstənin şikayətləri, aparılmış müayinələr, qoyulmuş diaqnoz, əməliyyatın gedişi və səbəbləri, əməliyyat protokolları, eləcə də pasiyentin məlumatlandırılması və razılığının qeydə alınması tam və düzgün sənədləşdirilməlidir.
Sənədlərdə boşluqlar olduqda, hətta müdaxilə düzgün aparılmış olsa belə, sonradan sübutetmə baxımından ciddi çətinliklər yarana bilər. Xüsusilə pasiyentin əməliyyat barədə məlumatlandırılması və razılığın alınması proseduru sadəcə formal sənəd imzalatmaqdan ibarət olmamalıdır; planlaşdırılan əməliyyatın məqsədi, mümkün risklər, ağırlaşmalar və gözlənilən nəticələr sadə və aydın şəkildə izah edilərək lazımi qaydada sənədləşdirilməlidir.
Nəticə etibarilə, tibbi xidmət sahəsində hüquqi risklərin azaldılması üçün həm həkimlər, həm də tibb müəssisələri fəaliyyətlərini yalnız tibbi keyfiyyətə yönəltməyib, eyni zamanda hüquqi tərəfdən də düzgün təşkil etməlidirlər.