Sosial şəbəkələrdə müğənni Sevda Sanaliyevanın hərbi geyim elementləri ilə səhnədə rəqs etdiyi görüntülər paylaşılıb və bu kadrlar geniş müzakirə yaradıb.

Müzakirələr hərbi formanı qeyri-hərbi məqsədlərlə istifadə etmək, formanın cəmiyyət üçün daşıdığı mənəvi məna və belə hallarının nə dərəcədə qəbuledilən olması ətrafında cərəyan edir.

Mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi geyimlə bağlı əvvəllər aparılan xəbərdarlıqlar və ictimai müzakirələr zamanla unudulub. O, oxşar görüntülərin sosial şəbəkələrdə ilk dəfə yayılanlar olmadığını vurğulayıb.

Ekspert qeyd edib ki, Sevda Sanaliyevanın görüntülərində tam hərbi forma yox, formanın elementlərindən istifadə müşahidə olunur, lakin buna baxmayaraq belə yanaşmanı yolverilməz sayır: “Burada tam hərbi geyimdən söhbət getmir. Qadın hərbi şalvar və hərbi rəngli köynək var. Buna baxmayaraq, hərbi formaya münasibətdə hörmətsizlik görünür. Bu geyim hansı məqsədlə yaradılıb, mahiyyəti nədir — bunu anlamaq lazımdır.”

Üzeyir Cəfərov hərbi geyimin Azərbaycan əsgərinin şərəf və fədakarlığının simvolu olduğunu vurğulayaraq əlavə edib ki, əgər həmin şəxs formanın daşıdığı mənanı başa düşsəydi, belə hərəkətlərə yol verilməzdi. O, bəzi kadrların rəqsə xas elementlər ehtiva etdiyini və hərbi formanın səhnə şousu üçün nəzərdə tutulmadığını bildirib.

Ekspert həmçinin məsuliyyətin yalnız geyimi nümayiş etdirən şəxsin üzərinə düşmədiyini söyləyib. O, görüntülərin çəkildiyi restoran və digər ictimai iaşə obyektlərinin də belə hallara imkan yaratmaması, müvafiq qurumların məsələyə reaksiyasının vacib olduğunu deyib: “Hər kəs bilməlidir ki, hərbi forma müqəddəsdir. Restoran rəhbərliyi belə hallara icazə verməməlidir. Bütün iaşə və ticarət obyektləri bu məsələyə diqqət yetirməlidir.”

Cəfərov insanların ətrafındakılara da müraciət edərək, bu cür davranışların qarşısını almağa çalışmalı olduqlarını söyləyib: “Ən azından həmin şəxslərin ətrafındakı insanlar onları belə hərəkətlərdən çəkindirməlidirlər. Hərbi formaya adi səhnə və ya şou geyimi kimi yanaşmaq olmaz.”

Məsələ ilə bağlı müğənni Sevda Sanaliyeva ilə əlaqə saxlanıldıqda o, telefonun dəstəyini yerə qoyaraq açıqlama verməkdən imtina edib.

Yayılan görüntülər təkcə bir sənətçinin səhnə davranışı kimi qiymətləndirilmir; hərbi geyimin cəmiyyətdə daşıdığı simvolik və mənəvi yük nəzərə alınaraq, bu tip geyim elementlərinin istifadəsində daha ehtiyatlı və məsuliyyətli olmağa çağırışlar səslənir.