Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiyanın müxtəlif media subyektlərinin uzun müddətdir Azərbaycana qarşı qərəzli və obyektiv olmayan informasiyalar yayımladığını bildirib.
O, belə məlumatların yayılmasının əsas səbəblərindən birinin Azərbaycanın müstəqil xarici və daxili siyasət yürütməsi və ölkənin möhkəmlənməsi ilə bağlı olduğunu vurğulayıb. Deputatın fikrincə, Rusiyada Azərbaycanın güclənməsini istəməyən dairələr kifayət qədərdir.
Babaoğlu bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Rusiyanın Cənubi Qafqazda yeni konfliktlər yaratma potensialını azaltmaqla əlaqədardır və məhz bu amil də Rusiya mediasında anti-Azərbaycan təbliğatının güclənməsinə səbəb olur.
Deputat həmçinin vurğulayıb ki, 2022-ci il fevralın 22-də tərəflər arasında Strateji müttəfiqlik haqqında Bəyannamə imzalanmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaza və oradakı bərabərhüquqlu dövlətlərə yanaşmasının dəyişmədiyini, bu baxışın imperialist məzmunlu olduğunu bildirib.
O, zaman-zaman Rusiya siyasi elitasının müxtəlif mərkəzlərindən mediaya Azərbaycanı təhqir etmək və dəyərlərinə hücum etmək məqsədilə tezislərin göndərildiyini söyləyib. Deputatın qənaətincə, bu cür fəaliyyətlər Rusiya ictimai institutlarının da reaksiyasını tələb edir.
Hikmət Babaoğlu Azərbaycanın reaksiyasının yerində olduğunu, hüquqi mexanizmlərə əsaslandığını qeyd edib. O, həmçinin Baş Prokurorluğun müvafiq tədbirlər gördüyünü xatırladıb və Mətbuat Şurasının bəyanat verdiyini diqqətə çatdırıb.
Qeyd olunur ki, Baş Prokurorluq üç Rusiya vətəndaşı — jurnalist İvan Knyazev, siyasi texnoloq və media eksperti Semyon Uralov və politoloq, hərbi-media texnoloqu Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq apardığını açıqlayıb. İstintaq materiallarına görə, onların əleyhinə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına və terrorçuluğa çağırışlarla bağlı faktlar üzrə ibtidai istintaq davam edir.