Paytaxtın İçərişəhər hissəsində yerləşən “Sapphire Inn” otelində yanğın qeydə alınıb.

Məlumatlara görə, yanğın binanın ikinci mərtəbəsində başlayıb və hadisə barədə xəbər verildikdən dərhal sonra yanğınsöndürənlər hadisə yerinə intiqal edib.

Yanğınsöndürmə işləri aparılaraq alov söndürülüb. Hadisə zamanı təcili tibbi yardım briqadaları və polis əməkdaşları da əraziyə çağırılıb.

Təhlükəsizlik məqsədilə oteldə olan qonaqlar və işçilər binadan çıxarılıb və onlara lazımi yardımlar göstərilib.

Yanğının necə baş verməsi və baş verənlər nəticəsində hər hansı xəsarət alınıb-alınmaması barədə hələlik rəsmi açıqlama yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir.