Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda reallaşdırılan "Yeni Daşkənd" şəhərsalma layihəsi ilə tanış olub.
Layihə ölkənin iqtisadi və investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları bir araya gətirən yeni şəhərsalma modelidir. Tam yekunlaşdıqdan sonra layihə çərçivəsində 260 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır.
Hazırkı mərhələdə tikinti sahələrində 10 mindən artıq işçinin çalışdığı bildirilir. Layihədə tətbiq edilən mühüm innovasiyalardan biri elektrik enerjisinin istehsalı ilə yanaşı istilik və soyutma proseslərinin vahid texnoloji zəncir daxilində idarə olunduğu trigenerasiya texnologiyasıdır.
Ərazidə 60-dan çox dövlət qurumu üçün müasir inzibati binalar, mehmanxanalar, restoranlar, xidmət və biznes kompleksləri, turizm obyektləri, həmçinin "Yeni Özbəkistan" Universiteti və Özbəkistan Milli Kitabxanasının yeni kompleksi planlaşdırılır. Layihədə elmi laboratoriyalar, multimedia mərkəzləri, muzeylər, idman qurğuları və tələbə şəhərciyi də nəzərdə tutulub.
Layihə çərçivəsində inşa ediləcək obyektlərdən biri "Şərq Baharı" kompleksi hesab edilir. 95 hektarlıq əraziyə malik bu kompleksdə təxminən 15 min mənzilin tikintisi nəzərdə tutulub və onun Mərkəzi Asiyada ən iri yaşayış layihələrindən biri olması planlaşdırılır.
Layihənin həyata keçirilməsi Özbəkistanın şəhərsalma strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilir və genişmiqyaslı infrastruktur, sosial və təhsil obyektlərinin yaradılmasını hədəfləyir.