Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə Cənubi Qafqazdakı geostrateji proseslərlə bağlı fikirlərini bölüşərək bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra ötən 5 il ərzində Zəngəzur dəhlizinin açılması üçün heç bir real və praktik addım atılmayıb.
Dövlət başçısı məsələnin uzun müddət qeyri-müəyyən saxlanılmasının qəbulolunmaz olduğunu vurğulayaraq qeyd edib: "Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm."
Prezident İlham Əliyev bildirib ki, Ermənistan məsələnin uzadılmasına çalışıb, Rusiya isə ya öhdəliyi təmin edə bilməyib, ya da başqa səbəblər var idi və proses keçən ilin avqust ayına kimi dondurulmuş vəziyyətdə qalmışdı.
Xatırladılıb ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, həmin nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə və nəzarətə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti məsul olmalı idi. Prezidentin sözlərinə görə, Moskva bu öhdəliyi yerinə yetirməkdə uğursuz olub və ya maraqlı olmayıb, nəticədə prosessual ləngimə baş verib və yaranan boşluq qərb ölkələrinin və sonradan gündəmə gələn layihələrin təsiri üçün fürsət yaradıb.
Məsələyə münasibət bildirən professor Qabil Hüseynli isə Prezident İlham Əliyevin bu qiymətləndirməsini Rusiyanın bölgədə fəaliyyətsizliyinin və hərbi-siyasi uğursuzluğunun etirafı kimi dəyərləndirib. O, bildirib ki, Azərbaycan imzalanmış razılaşmaların şərtlərinə sadiq qalıb və öhdəliklərin vaxtında icrası tələb olunub, lakin İrəvanın destruktiv mövqeyi ilə yanaşı Rusiyanın qətiyyətsizliyi və ya gizli maraqları nəticəsində Zəngəzur dəhlizi illərlə reallaşmayıb.
Qabil Hüseynlinin fikrincə, Moskvanın üzərinə düşən missiyanı yerinə yetirməməsi və Ermənistana kifayət qədər təzyiq göstərməməsi səbəbindən Rusiya tədricən regiondakı əsas nəqliyyat-kommunikasiya rıçaqlarını itirib və Cənubi Qafqazda yeni aktorların mövqelənməsinə şərait yaranıb. O, əlavə edib ki, Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışıb və Rusiya ya bu prosesə müdaxilə etməyib, ya da etməyə gücü çatmayıb.
Professor onu da vurğulayıb ki, Azərbaycan öz milli maraqlarından geri çəkilmir və əgər dəhliz üçtərəfli razılaşma çərçivəsində Rusiyanın nəzarəti altına verilib açılmalı idisə, Moskvanın bunu həyata keçirə bilməməsi onun diplomatik və hərbi məğlubiyyəti kimi qiymətləndirilməlidir. Prezidentin mövzunu yenidən gündəmə gətirməsi, onun sözlərinə görə, hər kəsin məsuliyyətini və səhvlərini yadda saxlamaq niyyətini göstərir və regiondakı vəziyyət Bakının maraqları əsasında formalaşır.
Müsahibədə səslənən bu fikirlər Cənubi Qafqazda nəqliyyat və təhlükəsizlik məsələlərinin gələcəkdə necə tənzimlənəcəyinə dair mübahisəli məqamların davam etdiyini bir daha ortaya qoyur.