Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin ölkəyə dövlət səfərini geniş şəkildə işıqlandırıb, xəbər materialları ilə yanaşı analitik yazılar və reportajlar da dərc edilib.
Mətbuat açıqlamalarında Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın iqtisadi inkişaf üçün ümid verdiyi vurğulanıb. İki ölkənin müxtəlif sahələrdəki potensialının iqtisadi, nəqliyyat və energetika sahələrində daha sıx əlaqələr qurmağa imkan yaratdığı qeyd olunub.
Redaksiya materiallarında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdə olduğu bildirilir. İqtisadi, siyasi və mədəni əlaqələrin sürətlə inkişaf etdiyi, bu prosesdə hər iki dövlət başçısının vacib rol oynadığı qeyd edilir.
Mətbuatda səfərdən əvvəl yayılan yazılarda Daşkənd və Bakı arasında Avrasiya regionunda enerji, nəqliyyat və tranzit sahələrində sıx əməkdaşlıq olduğu, bu əlaqələrin gələcəyə yönəldilə biləcəyi vurğulanıb. Paralel olaraq özbək və Azərbaycan xalqlarının ortaq mədəni və dini dəyərlərinin iki tərəf arasında yaxın münasibətlərə zəmin yaratdığı da ifadə edilib.
Son beş ildə iki prezidentin 15 qarşılıqlı rəsmi səfər həyata keçirdiyi, bu danışıqların iqtisadi əməkdaşlığı gücləndirdiyi qeyd olunur. 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollar təşkil etdiyi, 2026-cı ilin ilk beş ayında isə 33 faiz artım qeydə alındığı mətbuatda vurğulanır.
Həmçinin ikitərəfli əlaqələr çərçivəsində bir sıra beynəlxalq xarakterli layihələrin müzakirə edildiyi, beş yüz milyon dollar məbləğində yaradılmış birgə investisiya şirkətinin fəaliyyət göstərdiyi yazılarda yer alıb.
Mətbuat həmçinin tərəflərin qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı məqsəd qoyduğunu və sənaye ilə kənd təsərrüfatı sahələrində böyük imkanların mövcud olduğunu bildirir.
Regionda iqtisadi əməkdaşlığın güclənməsinin yalnız Azərbaycan və Özbəkistana yox, bütün Mərkəzi Asiya respublikalarına müsbət təsir göstərə biləcəyi də mətbuatın yekun mövqelərindən biridir.