İordaniyada ABŞ-ın vasitəçiliyi ilə Suriya və İsrail nümayəndələri arasında yüksək səviyyəli danışıqlar keçirilib. Görüşün əsas məqsədi hərbi gərginliyin azaldılması, mümkün toqquşmaların qarşısının alınması və təhlükəsizlik sazişi üzrə danışıqların bərpasına zəmin yaratmaq olub.
Rəsmi suriyəli diplomatik mənbəyə görə, görüş zamanı İsrailin Suriya ərazisinə zərbələrinin, həbslərin və hədəfli hərbi əməliyyatların dayandırılması üçün praktik mexanizmlərin hazırlanması məsələsi müzakirə edilib. Eyni zamanda, təhlükəsizlik sazişi üzrə daha geniş razılaşmalar üçün danışıqların bərpası gündəmdə olub.
Müzakirələrdə diqqət çəkən məqamlardan biri Türkiyə faktorunun rolunun vurğulanması olub. Tərəflər İsrail və Türkiyə arasındakı artan gərginliyin Suriya ərazisinə daşınmasının necə qarşısının alınacağını müzakirə ediblər. Son günlər İsrailin Suriyadakı Əbu əz-Zuhur aviabazasına zərbəsi Ankara-Təl-Əviv münasibətlərində gərginliyi artırıb; İsrail bu addımı Türkiyənin Suriyada mümkün hərbi mövcudluğu ilə əlaqələndirib, Ankara isə bu iddiaları rədd edib.
Görüşdə ABŞ-ın nəzarəti altında mümkün hərbi insidentlərin qarşısını almaq üçün koordinasiya mexanizminin yaradılmasının zəruriliyi də müzakirə olunub. Bu mexanizmin Türkiyə, İsrail və Suriyanı əhatə edə biləcək şəkildə qurulması üzərində iş aparıldığı qeyd edilir.
Siyasi şərhçi Rufiz Hafizoğlu görüş barədə şərh verərkən İordaniyanın tərəfləri real barışığa gətirmək imkanlarını aşağı qiymətləndirdiyini bildirib. O, İordaniyanın regiondakı proseslərdən tamamilə kənarda qala bilməyəcəyini, lakin Əmmanın müxtəlif məsələlərdə birmənalı mövqe nümayiş etdirmədiyini vurğulayıb.
Hafizoğlu bildirir ki, hadisələri təkcə Təl-Əviv-Dəməşq münasibətləri prizmasından qiymətləndirmək yetərli deyil. Onun fikrincə, mövcud gərginlik, xüsusən İsraildə seçki ərəfəsində, İsrail-Türkiyə münasibətlərinə də bağlıdır. O, Türkiyə ilə İsrail arasında mümkün hərbi qarşıdurma halında Suriyanın iki tərəf arasında qalaraq ağır nəticələrlə üzləşə biləcəyini qeyd edib.
Ekspert həmçinin Türkiyənin Suriyada güclü mövqeyinə rəğmən Dəməşqin gələcək xarici siyasətinin tamamilə Ankaraya bağlı qalacağını düşünməyin doğru olmadığını vurğulayıb və Suriya hökumətinin zamanla daha müstəqil xarici siyasət kursu formalaşdırmağa çalışacağını bildirib.
Hafizoğlunun qənaətinə görə, İordaniyada keçirilən görüşdən yaxın perspektivdə ciddi siyasi nəticələr gözləmək çətindir. O, bu məhdudiyyətin bir tərəfdən siyasi vektorlarla, digər tərəfdən isə İsrail tərəfdəki seçki məqamları ilə bağlı olduğunu vurğulayıb.
Bununla belə, İordaniya dialoqu tərəflərin gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq istədiyini göstərir. Dəməşq İsrail zərbələrinin dayandırılmasını və 1974-cü il qüvvələrin ayrılması haqqında sazişin tam bərpasını tələb edir. İsrail isə Suriyada, xüsusən Türkiyənin hərbi mövcudluğunun genişlənməsini öz təhlükəsizliyi üçün problem hesab edir.
Nəticə etibarilə, İordaniyada keçirilən danışıqların masada İsrail və Suriya olsa da, proseslərin arxasında daha geniş regional rəqabət dayanır. Beləliklə, əsas sual yalnız İsrail və Suriya arasında barışığın mümkün olub-olmaması deyil, həm də Türkiyə ilə İsrail arasındakı rəqabətin Suriya torpaqlarında hansı səviyyəyə qədər davam edəcəyidir.