İranın Xarici İşlər Nazirliyi ABŞ tərəfindən tətbiq olunan yeni və genişmiqyaslı sanksiyaları qəti şəkildə pisləyərək onları “iqtisadi terrorizm” və “insanlığa qarşı cinayət” adlandırıb.

Nazirliyin açıqlamasında bildirilir ki, məhdudiyyətlərin hədəfi iranlıların əsas insan hüquqlarıdır və bu addımların məhz vətəndaşların yaşam şərtlərini çətinləşdirmək məqsədi daşıdığı vurğulanıb.

Açıqlamada ABŞ-ın yeni sanksiyalarının 1953-cü ildə ölkədə ABŞ və Britaniyanın müdaxiləsi ilə həyata keçirilən çevrilişin ildönümünə təsadüf etdiyi qeyd olunub.

İran rəsmiləri Vaşinqtonun hərəkətlərini İrana qarşı uzunmüddətli düşmənçiliyin davamı hesab edərək, həmçinin ABŞ və İsrailin son dövrdə həyata keçirdikləri hərbi və siyasi təzyiqlərin məqsədinə çatmadığını bildirib.