İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və İran prezidentləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Əraqçi bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə son telefon danışığı iki ölkə münasibətlərində əhəmiyyətli dönüş yaradıb. Nazir qeyd edib: "Məsud Pezeşkianın Azərbaycan Prezidentinə etdiyi bir telefon zəngi vəziyyəti tamamilə dəyişdi. Bu kimi məqamlar onun dialoq və qarşılıqlı təmas yolu ilə nailiyyətlər əldə etməyə olan inamını daha da möhkəmləndirdi. Məncə, o, bu baxımdan, artıq xarici siyasətin nəzəriyyəçisinə çevrilib."
Xatırladılıb ki, bundan əvvəl Məsud Pezeşkian Azərbaycanın çətin dönəmlərdə İrana dəstək verdiyini vurğulamışdı. Prezident İlham Əliyev isə Pezeşkiana ölkəmiz haqqında söylədiyi səmimi sözlərə görə təşəkkür edərək, Azərbaycanın qardaş İran xalqının yanında olduğunu bir daha bəyan edib.