İranın dövlət televiziyası IRIB Quran kanalında yayımlanan canlı veriliş zamanı aparıcının ABŞ prezidenti Donald Trampın öldürülməsini təşkil etmək məqsədilə ianə toplanmasına çağırış etdiyi bildirilir.

Canlı yayımdakı müraciətdə aparıcı Məryəm Qasemi izləyicilərə birbaşa müraciət edərək Trampa sui-qəsd üçün mükafat məqsədilə pul köçürməyə çağırış edib. Aparıcının səsləndirdiyi iddiaya görə, bütün iranlılar bu təşəbbüsü dəstəkləyir və ABŞ liderinin ölüm xəbərini eşitmək istəyirlər.

Veriliş zamanı tamaşaçılar dərhal reaksiya verib və efirin on dəqiqəlik müddətində telekanalın bank hesabına təxminən 100 milyon İran tüməni yığılıb. Bu məbləğ ABŞ dollarına təxminən 535 dollar ekvivalentində qiymətləndirilir.

Hadisənin yayımlandığı vaxt və onunla bağlı əlavə açıqlamalar barədə indiyə qədər başqa rəsmi məlumat verilmir.