Zəngəzur dəhlizinin ətrafında gedən geosiyasi mübahisələr davam edir. Son dövrlərdə ABŞ-ın geoiqtisadi təşəbbüsləri kontekstində müzakirəyə çıxarılan marşrut regiondakı yeni qütbləşmənin mərkəzlərindən birinə çevrilib və bu, qonşu ölkələrin narahatlıqlarını artırır.

İranlı ekspert Mehdi Məqsumi bu marşrutu əsasən ABŞ-ın geoiqtisadi maraqlarına xidmət edən layihə hesab edir. O bildirir ki, Tehran prosesdə tamamilə məğlub olmamaq üçün strategiyasını dəyişməli, Ermənistana təzyiq edərək özünün də şəbəkəyə qoşulmasını təmin etməyə çalışmalıdır. Məqsumi həmçinin İranın Azərbaycanı Naxçıvanla birləşdirmək üçün Araz vasitəsilə əlaqə yaratmaq qabiliyyətini ölkənin mühüm kozırı kimi qiymətləndirir.

Eyni zamanda Məqsumi İran hərbi dairələrinin sərt ritorikasının və dəhlizə qarşı açıq mövqeyinin Tehranın rəsmən həyata keçirdiyi siyasətdə ziddiyyətlər yaratdığını vurğulayır. O qeyd edir ki, bəzi SEPAH generallarının hədə-qorxu dolu bəyanatları ilə Tehran administrasiyasının daha məntiqli və iqtisadi maraqlara uyğun yanaşmaları arasında uyğunsuzluq var.

Professor, politoloq Qabil Hüseynli isə İranın sərt çıxışlarının əsas səbəbinin iqtisadi və nəqliyyatda monopoliyanın itirilməsi qorxusu olduğunu söyləyir. O bildirir ki, Tehran uzun illər regionda tranzit marşrutlarının mərkəzində olmaq iddiasında olub və Zəngəzur dəhlizinin işlək vəziyyətə keçməsi nəticəsində İranın beynəlxalq nəqliyyat axınlarından kənarda qala biləcəyinə dair ciddi narahatlıq mövcuddur.

Hüseynli həmçinin İran daxilində radikal dairələrin, xüsusilə hərbi strukturların hələ də təhdid və zorakılıq vasitəsilə nəticə əldə edə biləcəklərini düşünə biləcəklərini, lakin reallığın göstərdiyini bildirib ki, Azərbaycan və Türkiyənin sərt mövqeyi qarşısında Tehranın əməkdaşlıq mexanizmlərinə meyillənməsi qaçılmazdır. O əlavə edir ki, Ermənistanın xarici güclərin təsiri ilə İranın müdaxiləsinə şərait yaratması regionda sülhə deyil, daha da dərinləşən gərginliyə yol aça bilər.