İsmayıllı rayonunun Hacıhətəmli kəndində avqustun 20-də həyətyanı sahədə keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, avqustun 20-si saat 15:30-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ümumilikdə 31 nəfər hospitalizasiya edilib. Onların arasında 23 qadın və 8 kişi olub.
Agentlik məlumatına əsasən, zəhərlənmə diaqnozu ilə 24 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hər iki qurum bildirir ki, şəxslərə zəruri ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş hesab edilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerindən və şübhəli nümunələrdən götürülən materialları laborator müayinələrə təqdim edib. Aparılan araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.