Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda italiyalı professor Rucero D'Ancelo yaşadığı mənzildə ölü vəziyyətdə tapılıb.
Hadisə avqustun 5-də Hacıahmet məhəlləsində baş verib. Gün ərzində onunla əlaqə saxlaya bilməyən əmlakçı Ethem İ. ehtiyat açar vasitəsilə mənzilə daxil olub.
Ethem İ. otaqlardan birində Rucero D'Ancelonu çarpayının üzərində yarıçılpaq, yanıüstə uzanmış və hərəkətsiz vəziyyətdə tapdığını müəyyən edib və dərhal "112 Təcili Zəng Mərkəzi"nə xəbər verib.
Tibb əməkdaşlarının mənzildə apardığı ilkin yoxlamada D'Ancelonun həyatını itirdiyi müəyyənləşdirilib. Onun bədənində vizual olaraq kəsici, deşici və ya digər xəsarət izləri aşkarlanmayıb.
Cəsəd dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna aparılıb. Prokurorluq hadisəni şübhəli hesab edərək cinayət işi üzrə istintaqa start verib.