Şəhərin müxtəlif ərazilərində, xüsusilə metro çıxışları və insan sıxlığı olan məkanlarda fəaliyyət göstərən kiçik qida satış məntəqələrində ət, toyuq, balıq, turşu və digər məhsulların üzəri bəzən açıq şəkildə təqdim olunur. Bu cür məhsullar gün ərzində toz, həşərat və digər xarici təsirlərlə təmasda qala bilər.
İsti hava şəraitində məhsulların düzgün saxlanılmaması onların təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Temperaturun yüksəlməsi bakteriyaların sürətlə çoxalmasına şərait yaradır ki, bu da qida zəhərlənməsinə və mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər.
Qida eksperti Fərid Səfərov bildirir ki, üzəri açıq satılan ət, toyuq, balıq, süd məhsulları və turşular düzgün qorunmadıqda insan sağlamlığı üçün risk törədə bilər. Onun sözlərinə görə, belə məhsullar toz, torpaq, həşəratlar, çirkli əllər və digər xarici amillərlə təmasda olduqda mikroorqanizmlərlə çirklənə bilər:
“İsti havalarda isə temperaturun yüksək olması bakteriyaların sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənməsi, mədə-bağırsaq pozğunluqları və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.
Qida məhsullarının satışı zamanı onların növünə uyğun temperatur rejimi, gigiyenik şərait və qoruyucu tədbirlər təmin edilməlidir. Xüsusilə tez xarab olan məhsullar soyuducu şəraitdə saxlanmalı, üzəri örtülü olmalı, satış zamanı çirklənmədən və xarici təsirlərdən qorunmalıdır. Satıcıların şəxsi gigiyenasına, istifadə olunan avadanlıqların təmizliyinə və məhsulların saxlanma müddətinə də diqqət yetirilməlidir”.
Ekspert istehlakçıların belə məntəqələrdən alış-veriş edərkən məhsulun görünüşünə, qoxusuna, saxlanma şəraitinə və satıcının gigiyenasına diqqət etmələrini tövsiyə edir. O qeyd edir ki, üzəri açıq, gün altında qalan, soyuducu şəraiti olmayan və ya şübhəli görünən məhsulları almaqdan çəkinmək daha düzgündür:
“Üzəri açıq, gün altında qalan, soyuducu şəraiti olmayan və ya şübhəli görünən məhsulları almaqdan çəkinmək daha doğrudur. Hər hansı təhlükəli satış şəraiti müşahidə edildikdə isə aidiyyəti qurumlara məlumat vermək həm öz sağlamlığını, həm də digər istehlakçıların təhlükəsizliyini qorumağa kömək edir”.