İsveçrənin şərqində yerləşən Tuzis şəhərində güclü yanğın baş verib. Hadisə nəticəsində beş nəfərin itkin düşdüyü, səkkiz nəfərin isə xəsarət aldığı bildirilib.

Rəsmi məlumatlara görə, yanğın ikinci mərtəbədə yerləşən restoran və yaşayış mənzillərinin olduğu hissədə başlayıb. Yanğın qısa zamanda bütün tikiliyə yayılaraq binanın tamamilə kül olmasına səbəb olub.

Hadisə zamanı 14 nəfər binanı tərk edə bilib. Onlardan səkkizində müxtəlif dərəcəli bədən xəsarətləri aşkar edilib, iki yaralının vəziyyəti ağır qiymətləndirilir. Beş şəxsin itkin olduğu ehtimal edilir.

Hazırda xilasedici və hüquq-mühafizə orqanlarının əməliyyatları davam edir. Prokurorluq və müvafiq qurumlar yanğının başvermə səbəblərini birgə araşdırır.