2026-cı ilin iyul ayında Azərbaycanda avtomobil elanlarının median qiyməti 17 min AZN səviyyəsində müəyyən edilib.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, prioritet müqayisədə iyun ayına nisbətən median qiymət 900 AZN və ya təxminən 5 faiz aşağı düşüb.

Palatanın qiymət indeksi təhlili göstərir ki, bu dəyişikliklərin əsas səbəbi bazarda təklif strukturunun yenilənməsidir. Struktur üzrə hesablanan indeks iyulda 98.3, iyunda isə 103.5 olub. Marka və modellərin bazardakı çəkiləri sabit saxlanılarsa indeks 103.1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103.3 təşkil edib.

Bu nəticələrə əsasən real qiymət dəyişikliyinin 0.2–0.4 faiz arasında olduğu müəyyən edilib; yəni kütləvi və kəskin ucuzlaşma baş verməyib, medianın azalması daha çox təklifin məzmunundakı dəyişikliklərlə izah olunur.

Təhlildə iyulda aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin təklif payının artdığı, bahalı və premium kateqoriyalı maşınların payının isə azaldığı vurğulanır. Elanlardakı bu dəyişiklik xam median qiyməti aşağı çəkib, amma sabit struktur üzrə hesablamalar qiymətlərin əsasən sabit qaldığını göstərir.

AQP iyul hesablamalarında hedonik qiymət modelindən istifadə edib; model 25 mindən çox müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşını, yürüşünü, marka və modelini, mühərrik göstəricilərini, transmissiyasını, ötürücü sistemini, ban növünü və texniki vəziyyətini ayrı-ayrılıqda qiymətləndirib. Modelin izahat qabiliyyəti 93.3 faiz təşkil edib.

Hesablamalara görə, avtomobil qiymətinə ən güclü və davamlı təsir edən amil istismar müddətidir: hər əlavə istismar ili orta hesabla qiyməti 6.1 faiz aşağı salır. Yürüşün təsiri daha zəifdir — əlavə hər 1 min km üçün qiymət təxminən 0.0256 faiz azalır, yəni 50 min km üçün bu göstərici təxminən 1.27 faiz təşkil edir.

Transmissiya növü də qiymət fərqinə təsir edir; digər göstəricilər eyni olduğu halda mexaniki transmissiyalı avtomobillər avtomatik transmissiyalılarla müqayisədə orta hesabla 6.3 faiz daha ucuz qiymətləndirilir.

Qəza tarixçəsi də bazar dəyərinə mühüm təsir göstərir. Hedonik hesablamalara görə, təmir olunmuş qəza tarixçəli avtomobillərdə qalıq dəyər itkisi təxminən 5.2 faizdir. Təmir olunmamış zədələr isə ümumilikdə təxminən 21 faiz bazar zərərinə səbəb olur; bunun 15.8 faizi təmir xərci ekvivalenti, 5.2 faizi isə təmirdən sonra qalan dəyər itkisi kimi müəyyən edilib.

Məsələn, qəzasız bazar dəyəri 25 min AZN olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5.2 min AZN təşkil edə bilər. Bu rəqəm servis smetası deyil və konkret itkiyi müəyyən etmək üçün zədə detalları, ehtiyat hissələri və işçilik nəzərə alınmalıdır.

Nəticə olaraq, iyul ayında müşahidə olunan 5 faizlik median azalma real bazar qiymətlərinin kütləvi şəkildə düşməsindən daha çox təklif strukturunun dəyişməsi ilə bağlıdır; eyni model və buraxılış ili üzrə qiymətlərin ümumi azalması 0.2 faiz, sabit model çəkiləri üzrə isə 0.4 faiz təşkil edib.